“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır




Bakı, 4 iyul, AZƏRTAC
Gürcüstanın Marnueli rayonunda “İnkişaf və Təhsil Mərkəzi” və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə yeni təlimlərə start verilib.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.
“Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilən “GES Youth Energy+” proqramının qonağı olub. O, gənclərə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin fəaliyyəti və vikipediya haqqında məlumat verib.
Mehman İbrahimov onu da qeyd edib ki, “Marneuli “Vikipediya” klubunun yeni fəal iştirakçılarından olan Dərya Muradova iyul ayında Gürcüstanın Qudauri şəhərində “Wiki Camp”da iştirak edəcək.
Görüşdən sonra isə Mehman İbrahimov tərəfindən Marneuli “Vikipediya” klubunun iştirakçılarına növbəti təlim keçirilib. Belə tədbirlər “Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin sayının artmasına gətirib çıxaracaq.
E.Eltürk qeyd edib ki, sonda könüllülər “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı olan Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev tərəfindən diploma layiq görüləcəklər.