REGİONLAR
Bakı Slavyan Universitetinin kollektivi Cocuq Mərcanlıya səfər edib VİDEO
Cəbrayıl, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) müəllim və tələbələri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva deyib: “Biz Cocuq Mərcanlıya xalqımızın iftixarı, qüruru, şərəfi, arzularımızın zirvəsi, şəhidlərimizin ruhunun məskəni kimi baxırıq. Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının arzularının çiçək açdığı bir məkandır. Cocuq Mərcanlıda yaşayanlar bizim vətənpərvər qardaş-bacılarımızdır. Bu məktəbdə dərs alan uşaqların hər biri bizim əzizimizdir. Onlar sabahın ən vətənpərvər övladları olacaqlar. Cocuq Mərcanlıda yaşamaq özü böyük qürurverən ali bir məqamdır. Bütün Azərbaycan xalqı Cocuq Mərcanlı ilə fəxr edir, iftixar hissi duyur”.
Nurlana Əliyeva işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, üçrəngli bayrağımızın yenidən Şuşada dalğalanacağına əminliyini ifadə edib: “2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bizim gənclərimiz vətənpərvər gənclərdir. Lakin biz işğal altında olan torpaqlarımızı sivil yolla azad etmək istəyirik və buna nail olacağıq”.
Rektor BSU-nun Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələri ilə də görüşüb. Bildirilib ki, artıq tələbələrin Cocuq Mərcanlı məktəbində təcrübələri başa çatır. Pedaqoji təcrübə həm tələbələr, həm də məktəbin şagirdləri üçün çox maraqlı olub.
Qonaqlar məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirib, sonra sinif otaqlarını, fənn kabinetlərini gəzib, müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib, kənd uşaqlarına sovqat verilib. Professor Nurlana Əliyeva məktəbin xatirə kitabına ürək sözlərini yazıb.
BSU-nun kollektivi sonra məktəbin həyətində ağac əkib, kənddəki Qayıdış parkını gəziblər. Klub-icma mərkəzində universitetin tələbələrinin ifasında kənd sakinləri üçün musiqili kompozisiya təqdim olunub. Tələbələr vətənpərvərlik şeirləri söyləyib, rəqs edib, mahnı oxuyublar.