İQTİSADİYYAT
Xəzər rayonundakı istixana sahibləri ilə görüş olub
Bakı, 16 noyabr, AZƏRTAC
Xəzər rayonunda “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə istixana sahibləri ilə görüş keçirilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, Zirə mədəniyyət evində baş tutan görüşdə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev iştirak ediblər. Əlliyədək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemləri dinlənilib. Onlar əsasən istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz”ın baş direktoru R.Əliyev bildirib ki, bu, artıq istixana sahibləri ilə ikinci görüşdür, bundan öncə Şəmkir rayonunda müzakirələr aparılıb. Yaxın vaxtlarda Salyan rayonunda belə bir görüş baş tutacaq. Ümumiyyətlə isə istixana sahiblərinin problemlərini dinləmək üçün tərtib ediləcək qrafik əsasında tez-tez görüşlərin təşkili nəzərdə tutulub. Sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli elə yerindəcə mümkün olub.
Qeyd edək ki, hazırda Bakının Xəzər rayonunda 161 iri sənaye və 138 xırda istixana sahibkarlıq obyekti fəaliyyət göstərir.