CƏMİYYƏT
15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox vətəndaşın müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir
Bakı, 13 yanvar, AZƏRTAC
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilib və nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Həmin xidmətlər sırasına iş yerinə dair, əlilliyə dair, müavinətlə təminedilmə barədə, təqaüdlə təminedilmə barədə, pensiya ilə təminedilmə barədə, maddi yardımla təminedilmə barədə, şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə, dövlət tərəfindən avtomobillə təminolunma barədə, dövlət tərəfindən mənzillə təminat barədə, ünvanlı dövlət sosial yardımının təyinatı barədə, ünvanlı dövlət sosial yardımının ödənişi barədə, fərdi şəxsi hesab barədə, məşğulluq altsistemindən, torpaq pay mülkiyyətçisi barədə və şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidmətləri daxildir.
E-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox vətəndaşın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada və real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.