CƏMİYYƏT
15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçicilərdən 1000-ə yaxını 80-100 yaşarası vətəndaşlardır
Bakı, 18 yanvar, AZƏRTAC
Seçkilərin daha şəffaf və örnək şəkildə keçirilməsi naminə hər birimiz canla-başla çalışmalıyıq. Hər bir namizədə demokratik şəkildə yanaşmalı, seçiciləri məntəqələrdə gülərüzlə qarşılamalı, onların öz seçki hüquqlarından maksimum dərəcədə yararlanması üçün lazımi şəraiti yaratmalıyıq. Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini nəinki yerli, o cümlədən xarici müşahidəçilər də izləyəcək. Azərbaycanda seçki prosesinin şəffaf, demokratik şəraitdə keçirildiyini bir daha nümayiş etdirmək üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
AZƏRTAC xəbər verir ki, bunu 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Cumar İsayev bu gün dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün keçirilən treninqdə deyib.
Daha sonra təlim Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilən təlim kursunda iştirak etmiş Adil Yusifov və Kəmalə Davudova tərəfindən davam etdirilib. Üç gün davam edəcək təlimlərdə 38 məntəqədən 300-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Əvvəlcə dünyada mövcud olan seçki sistemləri barədə məlumat verən təlimçilər üç növ - proporsional, majoritar və hibrid seçki sistemlərinin olduğunu deyiblər. Azərbaycanda isə majoritar seçki sisteminin tətbiq edildiyi təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra isə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, əlavə seçici siyahıları, seçki otağının təşkili qaydaları, müəyyənləşdirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət edilməsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib, iştirakçılara yaddaş kitabçaları təqdim olunub.
15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Cumar İsayev AZƏRTAC-a müsahibəsində dairənin tərkibində 38 məntəqə olduğunu və 51 min 219 seçicini əhatə etdiyini bildirib. Qeyd olunub ki, seçicilərdən 1000-ə yaxını 80-100, 100-ə yaxını isə 18 yaşarası vətəndaşlardır. Seçki günündə isə 2 vətəndaşın 18 yaşı tamam olacaq. Dairənin əhatə etdiyi məntəqələrin 10-unda veb-kamera, birində isə sağlamlıq imkanları məhdud vətəndaşların olduğu nəzərə alınaraq pandus quraşdırılıb.
Qeyd edək ki, treninqlər 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunur.