MƏDƏNİYYƏT
2013-cü il üçün “Cəfər Cabbarlı mükafatı”nın qaliblərinə mükafatlar təqdim olunmuşdur
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2013-cü il üçün “Cəfər Cabbarlı mükafatı”nın qaliblərinə mükafatların təqdim edilməsi mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir Cəfər Cabbarlının ev-muzeyi və “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə keçirilmişdir.
Əvvəlcə dahi sənətkarın həyat və fəaliyyətinə həsr olunmuş videogörüntülər nümayiş etdirilmişdir.
Tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova tədbir haqqında məlumat vermişdir. Bildirmişdir ki, 2013-cü il üçün “Cəfər Cabbarlı mükafatı” Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının 114 və Azərbaycan teatrının 140 illiyinə həsr olunmuşdur.
Qeyd edilmişdir ki, 2001-ci ildə təsis olunmuş mükafat böyük dramaturqun yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi əhəmiyyətə malik bədii nümunələrə görə teatr xadimlərinə, dram əsərlərinin müəlliflərinə təqdim olunur. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrində çalışan yaradıcı insanların əvəzsiz xidmətləri nəzərə alınaraq “Cəfər Cabbarlı mükafatı” sonrakı illərdə müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika, musiqi sahələri üzrə çalışan ədəbiyyat və incəsənət xadimləri bu mükafata layiq görülmüşlər.
Diqqətə çatdırılmışdır ki, builki mükafat 13 nominasiya üzrə müəyyənləşdirilmişdir.
Tədbirdə professor Asif Rüstəmli XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Cabbarlının həyat və fəaliyyəti haqqında məlumat vermişdir.
Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyov, əməkdar incəsənət xadimləri Məhərrəm Bədirzadə, Cahangir Zeynallı, xalq artistləri Ramiz Novruzov, Ağaxan Salmanlı, əməkdar artistlər Hicran Nəsirova, Əjdər Həmidov, Əlibala Nurizadə, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və başqaları “Cəfər Cabbarlı mükafatı”na layiq görülmüşlər.