27 Sentyabr Azərbaycanın tarixinə qəhrəmanlıq və qürur günü kimi həkk olunub
Şəki, 25 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 25-də Şəki rayonu üzrə Təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki şəhər Komitəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş “44 qürur dolu gün!” adlı tədbir keçirilib.
Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, YAP rayon təşkilatının nümayəndələri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun, ETİHİ Şəki şəhər Komitəsinin rəhbər şəxsləri və əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları Anım Gününə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 27 Sentyabrın Azərbaycanın tarixinə qəhrəmanlıq və qürur günü kimi həkk olunduğunu, 44 günlük Vətən müharibəsində xalqımızın göstərdiyi birlik və əzmin gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda şagirdlərin ifasında Vətən müharibəsi şəhidlərinin şərəfli döyüş yolundan bəhs edən vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş olunub.