BDU-nu seçən əkiz bacılar: Bizim üçün böyük fəxrdir
Bakı, 10 sentyabr, AZƏRTAC
Eyni gündə doğulan, eyni məktəbdə oxuyan və illərlə eyni sırada əyləşən Zəhra və Zeynəb Səfərli bacıları bu ildən eyni universitetin tələbələridirlər. Məktəb illərini bir yerdə başa vuran bacılar ali təhsil müəssisəsi seçimində də eyni yolu seçərək Bakı Dövlət Universitetinə (BDU) üstünlük veriblər. Lakin onların ixtisas seçimləri fərqli olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, 420 balla BDU-nun Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Yaponiya üzrə) ixtisasına qəbul olan Zəhra və 432 balla Filologiya fakültəsinin filologiya (alman dili üzrə) ixtisasına qəbul olan Zeynəb bununla arzularını gerçəkləşdiriblər.
Bacılar bildiriblər ki, uşaqlıqdan adını eşitdikləri, atalarının əlindən tutaraq önündən keçdikləri BDU-da tələbə olmaq onlar üçün xüsusi hissdir. Bakı Dövlət Universitetinin tələbəsi olmaq onlar üçün böyük fəxrdir. Məktəb illərində olduğu kimi, tələbəlik həyatına da birlikdə başlamaq onlara ikiqat sevinc yaşadır.