Ali təhsilli mütəxəssislərdə rəqabətlə bağlı səriştələr formalaşdırılacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
“Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”na əsasən rəqabət sahəsində elmi-analitik potensial və rəqabət mədəniyyəti inkişaf etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sahədə nəzərdə tutulan tədbirlərdən biri də ali təhsilli mütəxəssislərdə rəqabət mədəniyyətinin və rəqabətlə bağlı səriştələrin formalaşdırılmasıdır. Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyi, digər icraçıları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və aidiyyəti dövlət qurumlarıdır.
2027–2029-cu illər ərzində həyata keçiriləcək tədbirlər nəticəsində ilkin olaraq müvafiq ali təhsil proqramları təhlil olunacaq və rəqabət sahəsində səriştələrin inteqrasiyası üçün uyğun ixtisas və fənlər müəyyən ediləcək. Həmçinin rəqabət sahəsində səriştələrin formalaşdırılması məqsədilə mövzular müəyyən olunacaq və onlar ali təhsil müəssisələrində müvafiq fənlər üzrə təhsil proqramlarına inteqrasiya ediləcək. Yekun nəticədə isə yenilənmiş təhsil proqramlarının tətbiqinə başlanılacaq, tələbələrin rəqabət sahəsində bilik və səriştələrlə əhatəsi təmin ediləcək.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.