Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO
Paris, 2 oktyabr, AZƏRTAC
Fransanın Po şəhərində “BA Cultural Center” tərəfindən həyata keçirilən “Həyat xalçası” layihəsinin ikinci emalatxanası təşkil olunub. Tekstil sənətinə maraq göstərənləri, sənətşünasları və bu sahənin nümayəndələrini bir araya gətirən görüşün əsas məqsədi toxuculuğu biliklərin, xatirələrin və insan hekayələrinin nəsildən-nəslə ötürüldüyü canlı məkana çevirməkdir.
AZƏRTAC xəbər verir ki, layihə “Bir xalça insanın həyat hekayəsini danışa bilərmi?” düşüncəsi üzərində qurulub. Tədbirdə iştirakçılar toxuculuq texnikaları, yunun hazırlanması və emalı mərhələləri ilə tanış olub, tekstillə bağlı şəxsi xatirə və təcrübələrini bölüşüblər.
Görüşdə ailələrdən və müxtəlif bölgələrdən nəsildən-nəslə keçən sənət ənənələrinə xüsusi diqqət yetirilib. İştirakçılar xalçaçılıq, qoyunçuluq, yun və təbii liflər, eləcə də ailələrdə qorunub saxlanılan qədim sənət üsulları barədə fikir mübadiləsi aparıblar. Beləliklə, emalatxana təkcə texniki biliklərin öyrənildiyi yer deyil, həm də müxtəlif insanların xatirələrinin qovuşduğu canlı ünsiyyət platformasına çevrilib.
Tədbirin diqqətçəkən məqamlarından biri yun ustası Dorote Dödonun (Dorothée Deudon) qoyun yununun xam vəziyyətdən ipə çevrilməsini əyani nümayiş etdirməsi olub. İştirakçılara yunun yuyulması, daranması, liflərin hazırlanması və ənənəvi əyirmə alətləri vasitəsilə ipə çevrilməsi prosesi göstərilib. Bu nümayiş bir daha təsdiqləyib ki, yunun xalçaya çevrilməsi böyük əmək, bilik və səbir tələb edir.
“BA Cultural Center”in təsisçisi Billura Bernard bildirib ki, layihənin məqsədi yalnız qədim toxuculuq texnikalarını qorumaq deyil: “Əsas hədəflərdən biri çobanları, yun istehsalçılarını və sahənin digər iştirakçılarını bir araya gətirmək, yunun qoyunçuluqdan toxuculuğa qədər keçdiyi bütün yolu tanıtmaqdır”.
Qafqaz dağlarının ətəyində yerləşən Lahıc qəsəbəsində böyüyən və beş yaşından xalça toxumağı öyrənən Billura Bernardın şəxsi təcrübəsi “Həyat xalçası” layihəsinin ana ilham mənbəyi olub.
Beləliklə, “Həyat xalçası” müxtəlif ənənələri, nəsilləri və coğrafiyaları bir araya gətirərək toxuculuğu yalnız sənət deyil, həm də yaddaşın və insan hekayələrinin daşıyıcısı kimi təqdim edir.