İQTİSADİYYAT
74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı onlayn mediada ən çox xəbər AZƏRTAC-da yayımlanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Bir həftə ərzində 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı onlayn mediada 1813 xəbər dərc olunub. Təkcə AZƏRTAC, yenilənmiş formada təqdim olunan xəbərləri də nəzərə alsaq, bu mövzuda 140 xəbər dərc edib.
Bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.
Osman Gündüz xatırladıb ki, ötən gün 74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirildi: “Beynəlxalq Astronavtika Federasiyasının rəhbərliyi təşkilatçılara təşəkkür etdi, mükafatlar, təltiflər oldu. Əsas təşkilatçılıq “Azərkosmos”da olsa da, hiss olunurdu ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirin uğurlu alınması üçün öncədən bütün resurslarını cəlb etmişdi. Konqres çox uğurlu və faydalı, yaddaqalan, gələcəyə hesablanan bir tədbir oldu. Düşünürəm ki, dünya kosmos icmasının bir həftəlik Bakı Konqresi ölkəmizdə bu sektorun, yeni biznes sahəsinin inkişafı, bu sahədə qlobal dünyanın söz sahibləri ilə əməkdaşlığın güclənməsi, gənclərdə bu sahəyə marağın artması və sektorda kadrların hazırlanması, Azərbaycanın beynəlxalq imicinin formalaşması üçün xeyli faydası oldu. Spesifik bir sahə olmasına baxmayaraq media da bu məsələni yetərincə gündəmə saxlaya bildi.
Yeri gəlmişkən, YeniMedia Monitorinq Sisteminin Konqreslə bağlı bir həftəlik hesabatına, statistikalarına nəzər saldım. Ümid edirəm təşkilatçılar da bu hesabatlara baxıblar. Yalnız bir məqamı qeyd edirəm, YeniMedia deyir ki, bir həftə ərzində yalnız sistemin bazasında olan xəbər portalları tərəfindən bu beynəlxalq tədbirlə bağlı 1813 xəbər yazılıb. Təkcə AZƏRTAC, yenilənmiş formada təqdim olunan xəbərləri də nəzərə alsaq, bu mövzuda 140 xəbər dərc edib”.
Azərbaycan İnternet Forumunun rəhbəri qeyd edib ki, YeniMedia hər bir xəbər saytı üzrə mənbələri ayrıca link formasında təqdim edir və bu da, xəbərlərin oxunaqlılıq və əlçatanlıq imkanlarını daha da genişləndirir.