CƏMİYYƏT
90 yaşlı “Xudafərin” - Cəbrayıl rayonunun ictimai-siyasi və mədəni həyatının aynası
Bakı, 30 mart, AZƏRTAC
Qəzet həmişə canlı və əbədiyaşar müdrik insan timsalındadır. Çünki qəzetin səhifələrində zamanın nəbzi, mühitin ab-havası duyulur, uzaq gələcəyə keçmişimizin, bu günümüzün yaşantılarını aparır. Cəbrayıl Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan 90 yaşlı “Xudafərin” qəzetinin 2022-ci ildə 3-4-cü nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki yer alıb. Bundan əlavə, “Narkomanlıq sosial bəladır”, “Mərkəz müəllimin 70 yaşı”, “Cəbrayıllıların Novruz şənliyi”, “Rayon tədbirləri”, ”Şəhidin yaşayan arzusu”, “Adil Qurbanovun mənəvi irs əbədi yaşayacaq”, “Şəhid ailələri və qazilərlə görüş” sərlövhəli məqalələr, eləcə də rayonun ictimai-siyasi həyatı ilə bağlı maraqlı xəbərlər təqdim olunur. Oxucular “Cəbrayılın yetirmələri” rubrikasında isə “Fərman müəllimin dil sevgisi” başlıqlı məqalə və tanınmış şair Musa Aslanxanlının şeirləri ilə tanış ola bilərlər.
“Xudafərin” qəzeti 1932-ci ildən çıxır və indiyədək 6856 nömrəsi çap olunub. Qəzetin hər nömrəsi Cəbrayılın ictimai-siyasi və mədənin həyatının aynası olub. Hazırda qəzetə Şakir Albalıyev rəhbərlik edir. Onun “Xudafərin” qəzetində ilk məqaləsi 1985-ci il mayın 1-də işıq üzü görüb. O vaxtdan məqalələri qəzetdə müntəzəm çap olunub. 2009-cu ilin yanvarında isə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə “Xudafərin”ə baş redaktor təyin edilib. “2020-ci ilin Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz Vətənə qayıdışla bağlı ümid və arzularımızı artıq reallığa çevirdi. Cəbrayılımızın işğaldan azad olunmasının birinci ildönümü şərəfinə Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevlə Cəbrayıl rayonunun mərkəzində baş tutan görüşümüz “Xudafərin” qəzetinin də görüşü ilə əlamətdar oldu. İyirmi səkkiz illik həsrətdən sonra qəzetimizin də ayrı-ayrı saylarını rayonumuza gətirmişdim. “Xudafərin” qəzetini Prezidentə təqdim etdim. Prezidentin qəzetimizə qarşı həssas münasibəti, qayğıkeşliklə qəzeti əlinə alıb baxması hamını ətrafımıza cəm elədi. Bir daha qəzetin bizimlə canlı müsahib olduğuna şahidlik etdik. Həmin anı o vaxt fotoaparatın yaddaşına köçürüb internetdə yayımlayıblar. Bir daha o anı xatırlayıram. Bir də həmin anı əks etdirən şəklə diqqət yetirirəm. İnsanlar Prezidentin ətrafına yığışıb diqqətlərini qəzetin səhifəsinə yönəldiblər. Bu, həm Prezidentin qəzetə qayğıkeş münasibətini, həm də qəzetin insanları canlı müsahib kimi özünə cəzb etməsini əks etdirən kadrdır. Bu, həm də “Xudafərin”in doğma Cəbrayıla 28 ildən sonra qədəm basmasının, doğma Cəbrayılımızda diqqətlə gözdən keçirilməsinin, oxucularla görüşməsinin təntənəsi idi. Mən doğma “Xudafərin”imizi doğma Cəbrayılımıza, rayon mərkəzinə aparmağa, orada oxucularla görüşdürməyə nail olmuşdum. Mən ürəyimdə illərlə arzuladığım bu duyğunun sevincini yaşadım”, - deyə Ş.Albalıyev bu sevinci Cəbrayıl ziyalılarına yaşadan dövlətimizin başçısına minnətdarlığını bildirib.