MƏDƏNİYYƏT
“AİTF-2011” Beynəlxalq Turizm və Səyahətlər sərgisində 24 ölkədən 230 şirkət təmsil olunacaqdır
Bakı, 27 aprel (AZƏRTAC). Artıq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 28-dən 30-dək “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçiriləcək sərginin proqramı hazırlanmışdır. Sərginin təşkilatçıları “İTE Group plc” və “İteca Caspian” şirkətləridir. Bundan əlavə, sərgiyə Dünya Turizm Təşkılatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Beynəlxalq Turizm və Sərgilər Assosiasiyası da dəstək verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 27-də “AİTF-2011” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, 2-ci Ümumrespublika Daxili Turizm sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında “İteca Caspian” şirkətinin reklam üzrə meneceri Mehriban Baxşıyeva demişdir.
Konfransda “İTE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroon “AİTF” sərgisi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, ilk dəfə 2002-ci ildə keçirilmiş sərgidə 5 ölkədən 26 şirkət iştirak etmişdir. “AİTF-2011” sərgisi isə 24 ölkədən 230 şirkəti qəbul edəcəkdir. Qonaq başqa ölkələrdən fərqli olaraq Azərbaycanda keçirilən sərgidə xarici turizm məkanları ilə yanaşı, daxili turizm marşrutlarının da təqdim olunacağını vurğulamışdır. Azərbaycanın turizm imkanlarından və təbii gözəlliklərindən danışan E.Stroon sərginin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq etmişdir.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi barədə məlumat verərək bildirmişdir ki, bu tədbirdə 15 rayondan 83 hotel təmsil olunacaqdır.
“AİTF-2011” sərgisinin meneceri Xəyal Əliyeva demişdir ki, sərgi ərəfəsində turizm istiqamətlərinin kataloqu dərc olunmuşdur. Kataloqda səyahət turlarını təşkil edən şirkətlər haqqında məlumat verilmişdir. Bundan əlavə, beynəlxalq tədbirin davam edəcəyi günlərdə şəhərdə əhalini sərgiyə dəvət edən faytonlar gəzəcək, həmçinin “Bakı Ekspo” sərgi və toplantı mərkəzində əyləncə proqramları təşkil ediləcək, seminarlar keçiriləcəkdir.
Sonda sərginin təşkilatçıları jurnalistlərin suallarını cavablandırmışlar.
######