ELM VƏ TƏHSİL
ALİMİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS
Yanvarın 4-də Bakı Slavyan Universitetində əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Tağıyevin xatirəsinə həsr edilmiş elmi-praktik konfrans - “Tağıyev qiraətləri” keçirilmişdir. Konfransda universitetin professor-müəllim, habelə ölkənin tanınmış filoloqları iştirak etmişlər.
Tədbiri BSU-nun prorektoru professor Aslan Məmmədli açaraq, Məmməd Tağıyevin həyat və yaradıcılıq yolundan danışmışdır.
Məmməd Tağıyev Azərbaycanda rus dilçiliyinin inkişafına böyük töhfə vermişdir. 1967-ci ildə doktorluq dissertasiyası müdafiə edən alim artıq 1970-ci ilin avqustundan M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun rektoru idi. 1970-ci illərin əvvəllərində Məmməd Tağıyev institutda lüğət bölməsi təşkil etmişdi. İndi bu bölmə Lüğət mərkəzi kimi fəaliyyət göstərir. Bütün bu dövr ərzində mərkəz Azərbaycan dilinin lüğət tərkibinin zəngin kartotekasını tərtib etmişdir.
Həmin müddətdə sistemli və gərgin iş nəticəsində dördcildlik “Azərbaycanca-rusca lüğət” və tədris yönümlü “Rusca-azərbaycanca lüğət” hazırlanmışdır. Məmməd Tağıyev institutda işlədiyi dövrdə 28 elmlər namizədi yetişdirmişdir.
Böyük Vətən müharibəsinin iştirakçısı olan Məmməd Tağıyev Mərkəz, Bryansk və Belarusiya cəbhələrinin tərkibində Berlinədək yol keçmiş, Qırmızı Ulduz, I dərəcəli “Vətən müharibəsi” ordenləri, “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə” medalları ilə təltif edilmişdir.
BSU-nun Lüğət mərkəzinin rəhbəri, professor Firudin Hüseynov çıxışında vurğulamışdır ki, Məmməd Tağıyev ölkəmizin elm tarixinə təkcə görkəmli nəzəriyyəçi kimi deyil, həm də tanınmış praktik kimi daxil olmuşdur. O, “Rusca-azərbaycanca frazeologiya lügəti”nin müəllifi idi, 25 il ərzində rəhbərlik etdiyi Lüğət mərkəzi Azərbaycanda ikidilli leksikoqrafiyanın inkişafında, bu sahədə mütəxəssislər hazırlanmasında böyük rol oynamışdır.
Konfransda BSU-nun professoru Lidiya Qranovskaya, universitetin digər müəllim və alimləri də çıxış etmişlər.
Xatırladaq ki, bu, Bakı Slavyan Universitetində keçirilən səkkizinci “Tağıyev qiraətləri”dir.