ELM VƏ TƏHSİL
AMEA-nın Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində akademiyanın Aqrar Elmlər Bölməsinin növbəti yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bölmənin büro üzvlərinin iştirak etdikləri iclası Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov açaraq gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
AMEA rəyasət heyətinin qərarına əsasən təsis edilmiş “AMEA-nın “Xəbərləri” (aqrar elmlər seriyası) və “Aqrar və ekologiya elmləri” jurnallarına məqalələrin qəbulu məsələsinə toxunan Qərib Məmmədov bildirmişdir ki, jurnalların nəşrinin məqsədi aqrar elmin müxtəlif sahələrində aparılan tədqiqatların nəticələrini işıqlandırmaq, tədqiqatların nəzəri, praktiki və texniki nəticələrini elmi ictimaiyyətə çatdırmaqdır.
Qeyd edilmişdir ki, jurnalların redaksiya heyətinin tərkibinə Azərbaycanın görkəmli alimləri ilə yanaşı, Beynəlxalq Torpaqşünaslar Cəmiyyətinin sabiq baş katibi və Avropa Torpaqşünasları Elmi Cəmiyyətləri Konfederasiyasının (ECSSS) fəxri prezidenti, akademik Emeritus Vinfrid Blyum, ECSSS-in və İtaliya Torpaqşünaslar Cəmiyyətinin (SİSS) prezidenti, akademik Nikola Senesi, həmçinin Rusiya, İspaniya, Belarus, Moldova və Gürcüstanın tanınmış alimləri də daxil edilmişlər.
İclasda AMEA-nın Nizamnaməsinə, elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnaməyə, “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi Qaydaları”na uyğun olaraq bölmə institutlarında səlahiyyət müddəti bitmiş direktorların yenidən rəhbər vəzifəyə təyin edilməsi, institutlarda dil kurslarının təşkili və digər məsələlər də müzakirə edilmişdir.
Tədbirdə, həmçinin 2014-cü ildə bölmə institutlarında elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş namizədlərin mövzuları təsdiq edilmişdir.