AXALKALAKİDƏ SAKİNLƏRLƏ POLİS ARASINDA TOQQUŞMA OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayon sakinlərindən bir qrupu icra hakimiyyətinin binası qarşısında mitinq keçirmişdir. Aksiya iştirakçıları Bölgə Vergi Departamenti əməkdaşlarının rayon ərazisindəki mağaza və ticarət köşklərində keçirdikləri reydin nəticələrindən narazılıq edirlər.
Reyd zamanı gəlirlərin gizlədilməsi və digər qanun pozuntuları üzə çıxarılmışdır. Xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları aksiya iştirakçılarını dağıdarkən güc işlətmişlər. Bu, axalkalakililəri hiddətləndirmişdir. Onlar həmin əməkdaşların vəzifədən uzaqlaşdırılıb yerlərinə erməni millətindən olan adamların təyin olunmasını tələb etmişlər.
Bölgə rəhbərliyi milliyyətindən asılı olmayaraq hamının qanun qarşısında eyni dərəcədə cavabdehlik daşıdığını mitinq iştirakçılarına bir daha xatırlatmışdır.