MƏDƏNİYYƏT
“AZƏRBAYCAN MOTİVLƏRİ” FİLMİ XÜSUSİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Aşqabadda keçirilmiş “Türkmənistan və dünya kino prosesi” beynəlxaq kinofestivalda xüsusi mükafata layiq görülmüş 5 sənədli lentdən biri ölkəmizin kinematoqrafçıları tərəfindən təqdim edilmiş “Azərbaycan motivləri” filmi olmuşdur.
Filmin ssenari müəlifi Rəhman Bədəlov, rejissoru Ziya Şıxlinski və operatoru Adil Abbasov bu əsəri doğma Vətənimizə, onun qədim və rəngarəng mədəniyyətinə sevgi hissi ilə çəkmişlər. Tamaşaçılar ekranda Bakının, Naxçıvanın, Gəncənin, Şəkinin və Qazaxın gözəl memarlıq elementləri ilə zəngin binalarını, Azərbaycan xalqının böyük övladlarının, o cümlədən ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə ucaldılmış abidələri, onların yaradıcılığından ən yaxşı fraqmentləri görmüşlər. Çoxdan bəri geniş miqyasda tanınmış Azərbaycan musiqisi isə bütün bu kadrlar üçün ümumi fon yaratmışdır. Kadr arxasında Vaqif Mustafazadənin “Düşüncə” melodiyası müəllifin ifasında səslənir. Ekranda isə pianoçu Murad Hüseynov “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edir.
Festivala müxtəlif ölkələrdən təqdim edilmiş 30 sənədli film arasında mükafata layiq yerlərdən birini tutmuş “Azərbaycan motivləri” bu il dekabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan Şərq və Qərb ölkələrinin mədəniyyət nazirlərinin konfransına həsr edilmişdir.