“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO
Berlin, 8 fevral, AZƏRTAC
Berlində “Kuc Boxing Promotion” şirkətinin təşkilatçılığı ilə peşəkar boks turniri keçirilib. Almaniyanın tanınmış boksçularının iştirak etdikləri turnirdə Azərbaycanı bu ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü Kənan Hüseynəliyev təmsil edib.
AZƏRTAC xəbər verir ki, idmançımız turnirdə Gürcüstan təmsilçisi Caba Mamişişi ilə qarşılaşıb.
Döyüşün ilk raundundan üstünlük nümayiş etdirən boksçumuz qarşılaşmanı vaxtından əvvəl – beşinci raundda rəqibini nokaut edərək qələbə ilə başa vurub. Bununla da Kənan Hüseynəliyev rinqə çıxdığı 12-ci qarşılaşmada da uğur qazanaraq yüzfaizli nəticə göstərib. Boksçumuzun parlaq qələbəsi qarşılaşmanı izləyən azarkeşlər, o cümlədən soydaşlarımız tərəfindən alqışlarla qarşılanıb. Əllərində Azərbaycan Bayrağını dalğalandıran həmyerlilərimiz Kənana dəstək nümayiş etdiriblər.
“Bu, mənim peşəkar boksda 12-ci döyüşümdür. Bundan əvvəlki görüşdə Belarus təmsilçisini məğlub etmişdim. Bu yarış üçün ciddi hazırlıq prosesi keçdim. Sparrinq tərəfdaşlarım güclü idi və Almaniyadakı məşqçim Azad Əzizovun rəhbərliyi ilə texniki-taktiki cəhətdən yaxşı hazırlaşmışdım. Ciddi hazırlığın bəhrəsini bu gün gördüm, vaxtından əvvəl qələbə qazandım. Növbəti qarşılaşmam Avropa titulu uğrunda olacaq. Həmin yarışa da vaxt itirmədən ciddi hazırlaşmalı, üç aylıq məşq prosesi keçməliyəm. Çünki bu yarış karyeramda əsas hədəflərimdən biridir. İnanıram ki, həmin görüşdə də uğur qazanacağam. Fürsətdən istifadə edərək, həm Almaniyadakı, həm də Azərbaycandakı məşqçilərimə minnətdarlığımı bildirirəm. Bu gün məni fəal şəkildə dəstəkləyən həmyerlilərimizə də təşəkkürümü bildirirəm. İnanıram ki, uğurlarımız davamlı olacaq”, - deyə Kənan Hüseynəliyev qarşılaşma barədə açıqlaması zamanı deyib.
“Odlar Yurdu” boks klubunun rəhbəri Azad Əzizov isə yetirməsinin uğurlu çıxışı barədə deyib: “Bu gün Berlində keçirilən nüfuzlu turnirdə - peşəkar boks gecəsində Azərbaycanı klubumuzun üzvü Kənan Hüseynəliyev uğurla mübarizə apardı. Kənan beşinci raundda rəqibini nokautla məğlub edərək qazandığı bu qələbə ilə doğma Azərbaycanı, o cümlədən “Odlar Yurdu” boks klubunu layiqincə təmsil etdi. Bu, böyük uğurdur və bu qələbəni xalqımıza həsr edirik. Qürurverici haldır ki, bu gün həmyerlilərimiz də arenaya gələrək bizi fəal şəkildə dəstəklədilər”.
Rəhbərlik etdiyi “Odlar Yurdu” boks klubunun digər uğurları barədə məlumat verən Azad Əzizov qeyd edib: “Odlar Yurdu” boks klubu 2013-cü ildən Almaniyada fəaliyyət göstərir. Biz peşəkar boksla yanaşı, həvəskar turnirlərdə də Azərbaycanı təmsil edirik. Klubumuzun adı - “Odlar Yurdu” Almaniyada daim böyük maraqla qarşılanır. Klubumuzun uğurları da getdikcə artır. Kənandan başqa, bizim bir çox həvəskar boksçularımız var ki, onların da bir neçəsi əyalət çempionu adını qazanıb. Ötən il üç boksçumuz əyalət çempionu olub. Əsas məqsədimiz “Odlar Yurdu” klubunda gələcəkdə Kənan kimi peşəkar boksçular, Avropa və dünya çempionları yetişdirərək Azərbaycanı layiqincə təmsil etməkdir”.
Almaniyada yaşayan soydaşımız, kikboksinq və tayboks üzrə dünya və Avropa çempionu Emin Süleymanov qarşılaşmada həmyerlilərimizin fəal dəstəyini xüsusi vurğulayaraq deyib: “Çox maraqlı qarşılaşma oldu, idmançımızın çıxışı bütün tamaşaçılar tərəfindən alqışlandı. Bu, Kənanın 12-ci qələbəsidir. Bu qələbə münasibətilə Kənan Hüseynəliyevi və məşqçisi Azad Əzizovu təbrik edirəm. Ümid edirik ki, onun qələbələrinin sayı çox olacaq. Fürsətdən istifadə edərək, qarşılaşmada sarsılmaz dəstək nümayiş etdirən soydaşlarımıza təşəkkürümü bildirirəm. Onların bu dəstəyinin biz idmançılar üçün mənəvi dəyəri çox böyükdür”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin