MƏDƏNİYYƏT


Əbu-Dabidə unikal idman mərkəzi açılıb

Bakı, 5 dekabr, Emil Eyyubov, AZƏRTAC 

Əbu-Dabinin “Clymb” aktiv istirahət mərkəzində dünyanın ən böyük paraşütlə tullanma barokamerası və ən hündür örtülü skalodromu yerləşir.

AZƏRTAC xəbər verir ki, “Miral” şirkəti tərəfindən Yas adasında inşa edilən yeni idman-əyləncə mərkəzi bütün yaş qrupları, habelə peşəkarlar və həvəskarlar üçün nəzərdə tutulub. Dünyanın ən böyük paraşütlə tullanma barokamerasının eni 10 metr, hündürlüyü 32 metrdir. Aerodinamik boru adlanan bu qurğu sayəsində insanların paraşütlə tullandığı vaxt hiss etdiklərini yaşaya bilirlər.

Bundan başqa, mərkəzdə dünyanın ən hündür örtülü skalodromu yerləşir. Onun hündürlüyü 43 metrdir və müxtəlif hündürlüyü və çətinlik dərəcəsi olan beş alpinist divarına malikdir. Bu qurğudan həm ən peşəkar alpinistlər, həm də dırmanma idman növünü yeni öyrənənlər istifadə edə bilərlər. Təlimatçıların köməyi ilə yeni zirvələr fəth etmək üzrə unikal imkan qazanan qonaqlar bu obyektə bitişik olan “Yas Mall” ticarət mərkəzi və yaxınlıqdakı “Ferrari World Abu Dhabi” attraksionlar parkının xidmətlərindən də istifadə edəcəklər.

“Miral” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Xəlifə Əl-Mübarək yeni obyektlə bağlı deyib: “Bu hadisə bizim üçün Yas adasının dünyanın ən qabaqcıl istirahət-əyləncə, habelə biznes mərkəzi statusunun fasiləsiz olaraq artırılması sahəsində daha bir əsas mərhələ oldu. “Clymb Abu Dhabi” mərkəzi yeganə bu cür idman obyektidir ki, o, əyləncə mərkəzi kimi də fəaliyyət göstərir, qonaqlara - dünyanın hər yerindən aktiv istirahəti sevənlərə unikal, yaddaqalan və heç bir zaman unudulmayacaq variantlar təklif edəcək”.

Mərkəzin açılış mərasimində peşəkar paraşütçülərin və beynəlxalq dərəcəli alpinistlərin iştirakı ilə nəfəsləri kəsən əyləncəli şou təqdim olunub. Onların arasında “Red Bull” komandasının üzvləri və Sinqapur və Polşadan qızıl medalçılar, habelə paraşüt idmanı üzrə rekordçu, “Red Bull Stratos” layihəsinin qəhrəmanı və beyscamper Feliks Baumqartner də olub. Örtülü skalodromda dünyanın ən yüksək alpinist divarına birinci dırmanmanı peşəkarlar arasında çempion və “Red Bull” komandasının ABŞ-dan olan alpinisti Saşa DiCulian yerinə yetirib.

Qeyd olunub ki, “Clymb” aktiv istirahət mərkəzinin tikintisi “Miral” şirkətinə 100 milyon dollara başa gəlib. Sadalanan idman obyektləri ilə yanaşı, “Clymb” mərkəzində pərakəndə ticarət zonası, kafe və restoranlar da var.

Bildirilib ki, Yas adasının 2022-ci ilədək inkişaf konsepsiyası hər il 48 milyon turistin cəlb olunması ilə dünyada ailəvi istirahət üzrə ən yaxşı məkanlardan birinin yaradılmasını nəzərdə tutur. Bu ada Əbu-Dabi mərkəzinin şərqində, beynəlxalq aeroportun yaxınlığında yerləşir. Onun ərazisi təxminən 2500 hektardır. Dəyəri təqribən 40 milyard dollar olan adanın inşası 2007-ci ildə başlayıb. Yas adasında 2009-cu ildən Formula 1 Əbu-Dabi Qran-Prisinin keçirildiyi Yas-Marina avtodromu da yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.