REGİONLAR
Ağcabədi pambıqçıları 25 min tondan çox məhsul təhvil vermək əzmindədirlər
Ağcabədi, 2 noyabr, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı davam edir. Bu il 10 min hektarda pambıq becərən ağcabədili “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunması nəticəsində tarlalarda bol məhsul yetişib. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 41 ədəd pambıqyığan kombayn, 108 ədəd traktor, 200-dən artıq qoşqu cəlb olunub. Tarlalardan bu günədək 19 min 923 ton pambıq toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 19,92 sentner təşkil edir.
Hələ tarlalarda yığılmamış məhsul çoxdur. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.