CƏMİYYƏT
Ağcabədidə “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Ağcabədi rayon Təhsil şöbəsinin metodisti Tofiq Zeynalov, Ağcabədi Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun müvəkkili Etibar Mehdiyev, kollecin müəllim və tələbə heyəti, eləcə də dini icma sədrləri və dindarlar iştirak edib.
Çıxışlarda mövzunun aktuallığı qeyd olunub, narkomanlığa qarşı mübarizənin təkcə ayrı-ayrı şəxslərin və dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin işi olduğu bildirilib. Dini icma sədrləri və din xadimlərinin də bu sahəyə xüsusi diqqət yetirməli olduğu, gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyəti vurğulanıb.