CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaş rayonunda vətəndaşları qəbul edib
Bakı, 11 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Nazir vətəndaşlarla görüşündə vurğulayıb ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramı ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan verib. Dövlət başçısının cari ildə imzaladığı fərman və sərəncamlar nəticəsində minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinət və təqaüdlərin ciddi şəkildə artırılması təmin edilib, birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Bu, həmçinin problemli kreditlərin həlli, eləcə də mühüm sosial əhəmiyyət kəsb edən digər tədbirlər bir daha göstərir ki, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin apardığı sosialyönümlü siyasətinin ana xəttini təşkil edir.
Qəbula gələn vətəndaşlar ölkədə sosial sahədə aparılan mühüm islahatlara, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, həssas əhali qruplarına dövlətin qayğısının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olan fərman və sərəncamların imzalanmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı vətəndaşlar pensiya və digər sosial təminat, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların işlə təmin edilməsi, potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması tapşırılıb.
Nazir qeyd edib ki, Mingəçevir, Naftalan, Xocalı şəhərləri, Ağdaş, Goranboy, Yevlax rayonları üzrə nazirliyin məşğulluq orqanları vasitəsilə bu ilin birinci rübündə 2 minə yaxın şəxs münasib işlə təmin edilib. Qeyd olunan şəhər və rayonlar üzrə 2018-ci ildə əvvəlki illə müqayisədə dəfələrlə çox olmaqla 500-dək ailə özünüməşğulluq proqramına cəlb edilib. Bu il də proqram çərçivəsində həmin şəhər və rayonlarda aztəminatlı ailələr üçün yeni kiçik ailə təsərrüfatları yaradılacaq.
S.Babayev, həmçinin ölkəmizin bütün regionlarında, o cümlədən bu bölgədə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib. Nazir bu il bir sıra şəhərlərdə, o cümlədən Naftalan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini qeyd edib.
Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, peşə hazırlığına, ayrı-ayrı şəxslər nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.