CƏMİYYƏT
“Avro-2020-nin Könüllü kuboku” turnirinin final oyunu keçirilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan könüllüləri arasında təşkil olunan “Avro-2020-nin Könüllü kuboku” turnirinin final oyunu keçirilib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, Bakı Olimpiya Stadionunun “Sportster Arena” meydançasında təşkil olunan final qarşılaşmasında Təhsil Nazirliyinin “Bir” Könüllü Tələbə Proqramı və Azərbaycan Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” təşkilatlarının komandaları qarşılaşıblar.
Həlledici oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən “Bir” Könüllü Tələbə Proqramı təşkilatının komandası “Könüllü kuboku”nun qalibi olub.
Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbolu Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, “Avro-2020”nin səfiri Vəli Qasımov, “Avro-2020”nin Bakı könüllülərinin səfiri Taleh Yüzbəyov iştirak ediblər. Qalib komandaya kuboku Firudin Qurbanov təqdim edib.
Qeyd olunub ki, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı çərçivəsində keçirilən və aprelin 20-dən start götürən turnirdə 16 komanda mübarizə aparıb.