MƏDƏNİYYƏT
Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də iştirak etmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). Lüksemburq şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov da iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, forumda məruzəçilər tərəfindən “Avropa Şurasının mədəni marşrutlarının yeni mərhələsi”, “Mədəni marşrutların strateji perspektivləri və əldə olunan birgə səmərəli nəticələr”, “Avropa İttifaqının 2014-2021-ci illər üzrə mədəni marşrutların inkişaf planı” və digər mövzularda mühazirələr dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Forum çərçivəsində Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış və hazırda fəaliyyətdə olan müxtəlif marşrutların təqdimatı keçirilmişdir. Təqdim olunan mədəni marşrutlar arasında “Zeytun ağacları marşrutu” və “İter Vitas şərab marşrutu” haqqında məlumatlar xüsusi maraq doğurmuşdur. Belə ki, Azərbaycanın Şərab Yolu beynəlxalq mədəni turizm marşrutu artıq “İter Vitas şərab marşrutu” layihəsinə daxil edilmişdir. Azərbaycanın turizm və mədəni dəyərləri bu layihə çərçivəsində Avropa məkanında təşviq olunur.
Nazirliyin nümayəndəsi Mahir Qəhrəmanov Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Mişel Tomas-Penet, Avropa Hissəvi Sazişin prezidenti xanım Elke Altzer və İcraçı katibi xanım Penelop Denu ilə görüşlər keçirmişdir. Görüşdə Azərbaycanda mövcud olan beynəlxalq mədəni turizm marşrutları, xüsusən də Avropa Şurasının Kiyev Təşəbbüsü layihəsi tərəfindən dəstəklənən Aleksandr Düma Qafqazda regional mədəni turizm marşrutu ətrafında fikir mübadiləsi aparılmışdır. M.Qəhrəmanov Azərbaycanda turizmin inkişafı, həmçinin ölkəmizdə artıq fəaliyyət göstərən və turistlər tərəfindən ziyarət olunan regional mədəni turizm marşrutları haqqında da ətraflı məlumatlar verilmişdir.