MƏDƏNİYYƏT
“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fotosalnaməsi”nin təqdimat mərasimi keçirilmişdir
Bakı, 9 mart (AZƏRTAC). Martın 9-da Akademik Milli Dram Teatrının studiyasında iki kitabdan ibarət “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fotosalnaməsi” nəşrinin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan teatrın direktoru, professor İsrafil İsrafilov Azərbaycan teatrı, teatr sənəti və hazırlanan fotosalnamə haqqında söz açmışdır. Bildirmişdir ki, nəşrdəki materialların əksəriyyəti teatrın özəl arxivindən, ayrı-ayrı tədqiqatlardan, müxtəlif muzey və arxivlərdən, müxtəlif muzeylərdən və uzun müddət teatrda truppa müdiri işləmiş əməkdar mədəniyyət işçisi Qürbət Qurbanovun şəxsi arxivindən toplanmışdır.
Nəşrin “ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi nazirin müavini Ədalət Vəliyev, toplayanı və tərtib edəni sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədşah Atayev, buraxılışa məsul Əməkdar Mədəniyyət İşçisi Maqbet Bünyadovdur.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən hazırlanan fotosalnamədə Azərbaycan dramaturgiyası və teatrı yarandığı gündən bəri Milli Dram Teatrının tarixinə dair sənədlər, dövri mətbuatdan götürülmüş informasiyalar və nadir fotolar toplanmışdır. Salnamənin hazırlanmasında tədqiqatçı Qulam Məmmədlinin və İlham Rəhimlinin kitablarından da istifadə edilmişdir. Bununla yanaşı, salnaməni hazırlayanlar digər truppa müdirləri, Məmməd Zəkinin, Əlihüseyn Rzayevin, Ağahüseyn Rzayevin, Əliheydər Ələkbərovun və başqalarının apardıqları qeydlərdən də faydalanmışlar.
Fotosalnamənin birinci cildi 1873-cü ildən 1950-ci ilədək, ikinci cildi isə 1950-ci ildən 2010-cu ilədək olan dövrü əhatə edir.
“Letterpress” nəşriyyat evində çapdan çıxan hər iki nəşrə görkəmli sənətkarların oynadığı tamaşalardan audio-disk də əlavə olunmuşdur.
######