ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb. Qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını ölkənin Konstitusiyası təşkil edir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Qeyd olunub ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində gördüyü işlər, atdığı uzaqgörən addımlar dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqamlar Konstitusiyada, “Dini etiqad azadlığı haqqında” Qanunda və digər hüquqi sənədlərdə öz əksini tapıb. Qeyd edilib ki, Konstitusiyamızın qəbul olunmasından ötən 24 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Bu uğurların kökündə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən siyasət dayanır.