İQTİSADİYYAT
Azərbaycan Malayziyada keçirilən “8th Muslim World BIZ 2017” sərgisində təmsil olunub
Kuala-Lumpur, 27 sentyabr, AZƏRTAC
Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi tərəfindən təşkil edilmiş “8th Muslim World BIZ 2017” beynəlxalq sərgi və konfransında Azərbaycan da təmsil olunub.
Müsəlman ölkələri ilə yanaşı qeyri-müsəlman ölkələrinin nümayəndələrinin də iştirak etdiyi ənənəvi sərgi və konfransın məqsədi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə mövcud olan ticarət və investisiya imkanlarının təşviq olunması, müsəlman ölkələrinin bazarlarına daxil olmaq üçün ideal platformanın təmin edilməsidir.
Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən təşkil edilən pavilyonda ölkəmizin investisiya imkanları, ixrac məhsulları, turizm potensialı və təhsil sahəsini əks etdirən jurnal, buklet və digər çap materialları, eləcə də ölkəmizin bəzi ixrac məhsullarının nümunələri nümayiş etdirilib. Azərbaycan pavilyonunu ziyarət edənlərə ölkəmizin nailiyyətləri, ticarət, investisiya və təhsil sahələrində imkanları, o cümlədən “ADA” Universiteti haqqında ətraflı məlumat verilib.
Sərgidə iştirak edən Malayziya əmək nazirinin müavini xanım Rosnah Abdul Raşid Şirlin və “8th Muslim World BIZ 2017” sərgi və konfransının rəhbərliyi Azərbaycan pavilyonunu ziyarət ediblər. Qonaqlara səfirlik tərəfindən çap etdirilmiş Viktor Andriyanov və Hüseynbala Mirələmovun həmmüəllifləri olduğu “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabının malay dilində nəşri hədiyyə olunub.
Sərgi və konfrans çərçivəsində sərgi ilə yanaşı altı toplantı - Müsəlman Dünyası İnfrastruktur və İnvestisiya Konfransı, “dəyirmi masa” müzakirələri, Müsəlman Dünyası Qadınlar Sammiti, İƏT-Asiya-Afrika Ticarət və İqtisadi Forumu, İƏT Ali Təhsil Forumu, Ümumdünya İslam Turizm Konfransı və Ekspo təşkil olunub. Həmçinin müxtəlif müsəlman ölkələrini təmsil edən, ayrı-ayrı sahələrdə uğur qazanmış şəxslərə “İslam Dünyasının Cövhərləri” və “Müsəlman Dünyası Rania” mükafatları təqdim edilib.
“8th Muslim World BIZ 2017” sərgi və konfransının bülletenində Azərbaycanın sərgidə iştirakı geniş işıqlandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur