MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunda dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü qeyd olunmuşdur
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndikdən sonra ATİ-nin turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, dosent Nəsir Nəsirli tədbirin mahiyyətindən danışmışdır. Bildirmişdir ki, 1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikası süqut etsə də, azadlığa, müstəqilliyə can atan ölkəmiz 71 ildən sonra yenidən dövlət müstəqilliyinin bərpasına nail olmuşdur.
Kafedra müdirləri, tarix elmləri namizədləri İbrahim Əliyev və Bahadur Bilalov “Azərbaycan Demokratik Respublikası 1918-1920-ci illər” və “Dövlət müstəqilliyimizin 20 ili” mövzularında məruzə ilə çıxış etmişlər.
Konfrans çərçivəsində mövzu ilə bağlı sərgi də təşkil olunmuşdur.