MƏDƏNİYYƏT
Azərbaycanda turizmin inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də “Avropa” hotelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi çərçivəsində Xəzər–Avropa İnteqrasiya İşgüzar Klubunun (XAİİK) üzvləri Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri ilə görüş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, klubun prezidenti və baş direktoru Telman Əliyev tədbiri açaraq, rəhbərlik etdiyi qurum haqqında məlumat vermişdir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın turizm potensialından və bu sahədə hüquqi bazanın mövcudluğundan danışmışdır.
Nazirliyin aparat rəhbəri Firudin Qurbanovun “Azərbaycanda turizmin inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi demişdir ki, dünyada son 60 ildə turizm sahəsində səfərlər 40 dəfə, gəlirlər 460 dəfə artmış və bu sahə sürətlə inkişaf edən biznesə çevrilmişdir. Qeyd edilmişdir ki, bu, insanların maddi rifah halının yüksəlməsi və fərqli mədəniyyətləri görmək istəkləri ilə bağlıdır. Natiq Dünya Turizm Təşkilatının statistik rəqəmlərinə əsasən bildirmişdir ki, 1950-ci ildə turistlərin sayı 23,3 milyon idisə, 2010-cu ildə bu rəqəm 940 milyon olmuşdur. 2020-ci ildə isə dünyada turistlərin sayının 1 milyard 600 min nəfərə çatacağı gözlənilir. O, Azərbaycan Prezidentinin 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın və “2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” nın əhəmiyyətini, bu sahədə problemləri diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkəmizdə turizm şirkətlərinin sayı 18-dən 212-yə, mehmanxanaların sayı 93-dən 477-yə çatmışdır. 2010-cu ildə Azərbaycana gələn əcnəbi turistlərin sayı 1 milyon 962 min 906 nəfər təşkil etmişdir.
Tədbirdə Vaqif Əliyev XAİİK-in fəxri üzvü seçilmiş və ona sertifikat təqdim olunmuşdur.
Klub üzvlərinin sualları cavablandırılmışdır.