İQTİSADİYYAT
Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişafının istiqamətləri müəyyənləşdirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Energetika Nazirliyi yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla Azərbaycanın energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərini müəyyənləşdirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda energetika sektorunun uzunmüddətli və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsində məqsəd ölkənin bütün enerji ehtiyatlarının (təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və sair) səmərəli istifadəsinə, bu ehtiyatların tam şəkildə enerji balansında iştirakına və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdan ibarətdir.
Energetika sektorunun strateji inkişaf planının yüksək prioritet təşkil edən məsələlər bir sıra istiqamətləri əhatə edir. Strateji inkişafın konsepsiyalarının və tədbirlər kompleksinin hazırlanması: 1-ci energetika sektorunun 25-30 illik inkişaf strategiyasının, 2-ci enerji resurslarından səmərəli istifadə, son tələbatçının enerji effektivliyi və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik Dövlət Proqramının və 3-cü energetika sektorunun inkişafı üzrə 5 illik Dövlət Proqramının hazırlanmasını əhatə edir.
Qanunvericilik və normativ-hüquqi bazanın yaradılması energetika sektorunun uzunmüddətli və effektiv inkişafının təmin edilməsi üçün bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də çox mühümdür. Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğundur: 4-cü elektrik enerjisi üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin, 5-ci təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin, 6-cı daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsinin, 7-ci elektrik enerjisi üzrə Şəbəkə Məcəlləsinin və 8-ci təbii qaz üzrə Şəbəkə Məcəlləsinin hazırlanmasıdır.
Bazar subyektlərinin strukturlaşdırılması və tarif siyasəti məqsədilə 9-cu elektrik enerji və təbii qaz sistemlərinin ( “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB ) strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması, 10-cu isə son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastiki tariflər sisteminin yaradılması təklif olunur.