HEYDƏR ƏLİYEV - 1
Azərbaycanın səfiri Ulu Öndərin 100 illiyi ilə bağlı Küveyt Dövlət Televiziyasına müsahibə verib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən təşkil olunmuş konfrans çərçivəsində ölkəmizin Küveytdəki səfiri Emil Kərimov Ulu Öndərin həyatı və fəaliyyəti barədə Küveyt Dövlət Televiziyasının ərəb dilində yayımlanan KTV 1 kanalına geniş müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mayın 17-də səfir E.Kərimovun müsahibəsi ilə bağlı xüsusi reportaj Küveyt Dövlət Televiziyasının ərəb dilində yayımlanan KTV 1 kanalının “Küveyt, axşamın xeyir” proqramında efirə gedib.
Səfir küveytli jurnalistə məlumat verib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olub və bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Diplomat vurğulayıb ki, bu məqsədlə cari ildə ölkə daxilində və onun hüdudlarından kənarda müxtəlif tədbirlər həyata keçirilir.
Həmçinin diplomat müsahibəsi zamanı ölkələrimiz arasında dövlət rəhbərləri səviyyəsində ilk görüşü xatırladaraq, Ümummilli Lider Heydər Əliyev ilə Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah arasında 1994-cü ilin dekabrında Mərakeş Krallığında, 1995-ci ilin martında Kopenhagendə və həmin ilin oktyabrında isə Nyu-Yorkda baş tutmuş görüşlər barədə məlumat verib və bunun müstəqillik dövründə əlaqələrimizin bünövrəsi olduğunu küveytli izləyicilərin diqqətinə çatdırıb.
Bununla yanaşı, səfir ölkələrimiz arasında münasibətlərə toxunaraq, ölkəmizin küveytli turistlərin ən çox səfər etdikləri turizm istiqamətinə çevrilməsinin qürurverici olduğunu və hazırda Azərbaycan və Küveyt arasında Küveytin “Cəzirə Hava Yolları” və “Küveyt Hava Yolları”, həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkətlərinin birbaşa uçuşlar həyata keçirdiklərini qeyd edib və 2022-ci ildə Küveytdən Azərbaycana turist axınının sürətlə artaraq 22 min nəfərə çatdığını bildirib.