ELM VƏ TƏHSİL
Azərbaycanlı müəlliflərin türk dilində nəşr olunmuş kitabları Mərkəzi Elmi Kitabxanaya verilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanlı müəlliflərin türk dilində nəşr olunmuş kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, İstanbul Azərbaycan Mədəniyyət Evi tərəfindən yayımlanan və müxtəlif mövzulara aid əsərlər təşkilatın rəhbəri Hikmət Elp tərəfindən kitabxanaya bağışlanıb.
Qənirə Paşayeva və İmdat Əfşarın “Qarabağ hekayələri”, Əzimə Ağalarovanın “Yıpranmış hayalların peşində”, Elxan Xanəlizadənin “Sürgün”, Yurtsevən Şənin “Fərizə” romanları, Həsən Hacısoyun “Üçləmə” şeirlər kitabı MEK-in zəngin fond kolleksiyasına salınıb.
Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Milli Məclisin deputatı Q.Paşayeva və Türkiyənin tanınmış söz adamı İmdat Avşarın tərcüməsində Azərbaycan yazıçılarının Qarabağ mövzusunda hekayələrindən ibarət “Qarabağ hekayələri” antologiyası oxucular tərəfindən böyük maraqla qarşılanıb və Türkiyənin Ankara, İstanbul, habelə bir çox bölgələrində onun yaddaqalan təqdimat mərasimləri keçirilib. Oxucuların diqqətini cəlb edən kitab ikinci dəfə çapa hazırlanıb.
Kitabda Elçin, Sabir Rüstəmxanlı, Aqil Abbas, Əjdər Ol, Elçin Hüseynbəyli də daxil olmaqla, 21 Azərbaycan yazıçısının Qarabağ mövzusunda yazdığı hekayələr yer alıb.
“Qarabağ hekayələri” əslində Qarabağ həqiqətlərini, müharibə ədəbiyyatını əks etdirən ədəbi ensiklopediyadır.