SİYASƏT


Bahar Muradova: Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyub

Bakı, 7 fevral, Emil Hüseynli, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlər, səslənən fikirlər onu göstərir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə yeni bir səhifə açılıb, bu münasibətlər yeni mərhələyə qədəm qoyub.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova qeyd edib ki, artıq Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması üçün danışıqlara başlanılıb. Hər iki tərəfin danışıqlardan gözləntiləri böyükdür. Bu danışıqların nəticəsi kimi, yeni dövrün tələblərinə uyğun olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında humanitar, mədəni, siyasi və iqtisadi əlaqələr inkişaf edəcək.

Vitse-spiker qeyd edib ki, Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektləri ilə bağlı mövqeyini ifadə etdi. Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, enerji sahələrində əlaqələrin inkişafı həm Avropanın, həm regionun, həm də Azərbaycanın maraqlarına xidmət edir.

Bahar Muradova bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra səslənən bəyanatlarda diqqəti çəkən məqamlardan biri də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyi və müstəqilliyini dəstəkləməsi oldu. Bu, onun göstəricisidir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər enerji, ticarət əlaqələrini aşaraq, yüksək siyasi əməkdaşlığı da əhatə edir.

Milli Məclis sədrinin müavini hesab edir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkcə bəyanatlarla kifayətlənməməlidir, həmçinin öz təsir rıçaqlarından istifadə etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.