REGİONLAR
Bərdədə Beynəlxalq Ahıllar Günü qeyd olunub
Bərdə, 1 oktyabr, AZƏRTAC
Ölkəmizdə ahıllar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Yaşlı insanların problemlərinə daim həssaslıqla yanaşılır, onlara yüksək ehtiram göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Ahıllar Günü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən bayram tədbirlərində səsləndirilib. Bərdə Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzinin 1, 2, 3 və 4 nömrəli şəhər klubları, Xanağalı kənd klubu, Vəliuşağı kənd mədəniyyət evi, Bərdə rayon mərkəzləşdirilmiş kitabxana sisteminin filiallarında təşkil olunan tədbirlər ahıllara əsl bayram sevinci yaşadıb. Mərasimlərdə çıxış edənlər ahılları əlamətdar gün münasibətilə təbrik edib, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli, sağlamlıqlarının qorunması sahəsində görülən işlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, BMT-nin Baş Assambleyası tərəfindən oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi təsis edilməsi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakının fəallaşdırılması, ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd edilir.
Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalanması bu diqqətin bariz nümunəsidir. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir və həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Təkcə bu il onların maddi-rifahını yüksəltmək üçün həyata keçirilən sosial paketlərdə pensiyaların minimum məbləği iki dəfə artırılıb. Bu gündən ölkəmizdə pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır.
Çıxış edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirlər konsert proqramı ilə davam etdirilib.
Beynəlxalq Ahıllar Günü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan digər şəhər və rayon nümayəndəliklərində də qeyd olunub.