İQTİSADİYYAT
Brüsseldə Enerji Xartiyası İnvestisiya Qrupunun növbəti iclası keçiriləcək
Bakı, 3 mart, AZƏRTAC
Martın 27-də Belçikanın paytaxtı Brüsseldə Enerji Xartiyası İnvestisiya Qrupunun növbəti iclası keçiriləcək. Keçən il noyabrın 26-da Astanada keçirilən Enerji Xartiyası Konfransında Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin əməkdaşı Pərviz Qəribzadənin namizədliyi İnvestisiya Qrupunun sədri kimi təsdiqlənib və o, bu il yanvarın 1-dən öz fəaliyyətinə başlayıb.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 1991-ci ildə hazırlanmış Enerji Xartiyası (Avropa Enerji Xartiyası) Xartiya prosesinin siyasi əsasını təşkil edir. Deklarasiya etibarlı və dayanıqlı iqtisadi inkişafda energetika sahəsində ümumi maraqlar əsasında beynəlxalq əməkdaşlığın bazasını təşkil edəcək prinsiplərin dəqiq müəyyənləşdirilməsini özündə ehtiva edir. Enerji Xartiyası Müqaviləsi 1994-cü ilin dekabrında imzalanıb və 1998-ci ildə qüvvəyə minib.
Əlli iki dövlət, Avropa İttifaqı və Euratom tərəfindən hazırda bu Saziş imzalanıb. Saziş 1991-ci ildə Avropa Enerji Xartiyası əsasında hazırlanıb. Enerji Xartiyası Şərq və Qərb arasında enerji əməkdaşlığı təşviq edən siyasi bir iradə bəyanı olsa da, 1994-cü ildə imzalanmış Enerji Xartiyası Müqaviləsi hüquqi cəhətdən məcburi unikal çoxtərəfli sənəddir. Bu özlüyündə yeganə müqavilədir ki, energetika sahəsində aidiyyəti dövlətlərarası əlaqələrin istehsal-istehlak zəncirini və bütün yanacaq-enerji məhsullarının və avadanlıqlarının məcmusunu əhatə edir. Enerji Xartiyası Müqaviləsinin əsas məqsədi energetika sahəsində hüquqi normaların gücləndirilməsi, bütün iştirakçı dövlətlər tərəfindən bu qaydalara riayət edilməsi və eyni zamanda energetika sahəsində investisiya və ticarət ilə bağlı risklərin azaldılmasıdır.
Azərbaycan Enerji Xartiyası Müqaviləsini 1994-cü il dekabrın 17-də imzalamış və bu müqavilə 1998-ci il aprelin 16-da qüvvəyə minmişdir. Enerji Xartiyasının Katibliyi Brüssel şəhərində yerləşir. Enerji Xartiyasında Strategiya, İnvestisiya, Ticarət və Nəqliyyat, Enerji effektivliyi və Ətraf mühitin əlaqələndirilməsi aspektləri və Sənaye məsləhət paneli üzrə İşçi Qrupları fəaliyyət göstərir. Hazırda Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesi gedir. Yekun sənədin imzalanması ilə bağlı bu il mayın 20-21 tarixlərində Haaqada Nazirlər Konfransının keçirilməsi planlaşdırılır.