REGİONLAR
Çindən ölkəmizə 7 min qutu ipəkqurdu toxumları gətirilib
Bakı, 17 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınaraq iki mərhələdə respublikamıza gətirilməsi nəzərdə tutulub. Aprelin 17-də ölkəmizə ilkin mərhələdə 7 min qutu hibrid ipəkqurdu toxumları gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama məhsulu istehsal olunub.
Prezidentin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli Sərəncamına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 1,5 milyon ədəd, 2017-ci il noyabrın 29-da isə 1 milyon ədəd tut tingi tədarük edilib, bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.
Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınaraq (aran, dağlıq və dağətəyi rayonlar nəzərə alınmaqla) iki mərhələdə ölkəmizə gətirilməsi nəzərdə tutulub. Aprel ayının 17-də ilkin mərhələdə 7 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) respublikaya gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Aprelin 24-də isə ikinci mərhələdə daha 6 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilərək, kümçülərə əvəzi ödənilmədən paylanılacaq.
Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.
Bununla yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarının və kümçülərin damazlıq barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək.