MƏDƏNİYYƏT
Cari ilin sonunadək ölkəmizə gələn turistlərin sayının 2 milyon 100 mini ötəcəyi gözlənilir
Bakı, 27 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi çərçivəsində Dünya Turizm Gününün təntənəli şəkildə qeyd olunması məqsədi ilə sentyabrın 27-də “Kempinski Badamdar” mehmanxanasında ümumrespublika daxili turizm konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda yay turizm mövsümünün başa çatması, həmçinin 27 sentyabr - Dünya Turizm Günü münasibətilə həyata keçirilən bir sıra tədbirlər, hazırda inşa edilən turizm obyektləri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, 27 sentyabr - Dünya Turizm Günü 2001-ci ildən etibarən Azərbaycanda geniş qeyd edilir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görülür. Nazir bu sahədə görülmüş mühüm işləri son illər Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə ölkəmizdə turizmin inkişafına hər cür münbit şəraitin yaradılması ilə əlaqələndirmişdir.
Bildirmişdir ki, bir çox yeniliklərlə yadda qalan 2011-ci ilin yay turizm mövsümü ərzində Azərbaycana gələn turistlərin sayında 14 faizdən çox artım müşahidə olunmuşdur. 2011-ci ilin 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 1 milyon 16 min 559 nəfər təşkil etmişdir ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 min 100 nəfər çoxdur. Cari ilin sonunadək ölkəmizə gələn turistlərin sayının 2 milyon 100 mini ötəcəyi gözlənilir. Bunun da əsas səbəbi ölkəmizdə, o cümlədən bölgələrdə turizm xidmətinin yaxşılaşması, yol infrastrukturunun yenilənməsidir.
Nazir diqqətə çatdırmışdır ki, əgər 10 il bundan əvvəl ölkəmizdə 6 min yataq yeri vardısa, hazırda bu rəqəm 31 mini ötmüşdür. Bu da deməyə tam əsas verir ki, Azərbaycanın turizm potensialı qonaqları qəbul etməyə tam hazırdır.
Son illərdə ölkə vətəndaşlarının Azərbaycanda istirahətə üstünlük vermələri müsbət hal kimi dəyərləndirilmişdir.
Tədbirdə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, son vaxtlar turizm sahəsində aparılan islahatlar, ölkəmizdə mütəmadi beynəlxalq səviyyəli görüşlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təbliği bu müsbət tendensiyanın başlıca səbəbidir.
Hazırda respublikamızda 318 mehmanxana və mehmanxana tipli obyekt, 208 turizm şirkəti xüsusi razılıq əsasında fəaliyyət göstərir. Lakin buna baxmayaraq, bir sıra turizm şirkətləri mövcud bazarda rəqabətə davam gətirmədiyi üçün fəaliyyətini dayandırmışdır.
Vurğulanmışdır ki, ölkəmizin turizm sənayesinin inkişafının indiki mərhələsində yeni “Turizm haqqında” qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac yaranmışdır. Bunu nəzərə alaraq nazirliyin mütəxəssisləri tərəfindən turizm haqqında yeni qanun layihəsi hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılması məqsədi ilə aidiyyəti üzrə təqdim edilmişdir.
Tədbirdə Qusarda inşa edilən Şahdağ Qış-Yay Turizm Kompleksi haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki, artıq paytaxtda və bölgələrdə turizm kompleksləri inşa olunur. Turizm infrastrukturunun inkişafı sözügedən sahədə ixtisaslı kadrlara tələbatı artırmışdır. Bu istiqamətdə Azərbaycan Turizm İnstitutunda görülən işlər qənaətbəxşdir.
Tədbirdə çıxış edənlər də Dünya Turizm Günü münasibətilə bu sahədə çalışanları təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Konfransda turizm sahəsində səmərəli fəaliyyəti ilə fərqlənənlərə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilmişdir.
Sonra tədbir iştirakçıları Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi ilə tanış olmuşlar. Dünya Turizm Günü ilə əlaqədar təşkil olunan sərgidə Azərbaycanın 10-a yaxın regionunun sənətkarlıq nümunələri nümayiş etdirilmişdir. Ziyarətçilərə milli ornamentləri özündə əks etdirən müxtəlif aksessuarlar, ev əşyaları, geyimlər, mətbəx nümunələri də təqdim edilmişdir. Burada quraşdırılmış ekranda isə Azərbaycanın mədəniyyət və incəsənətini nümayiş etdirən videoçarxlar təqdim olunmuşdur.
Bu gün Dənizkənarı Milli Parkda Dünya Turizm Gününə həsr edilmiş geniş konsert olmuşdur.
######