CƏMİYYƏT
DİN: Şəkidə iki sakinin evlərindən xeyli silah-sursatın aşkarlanması ilə bağlı cinayət işi başlanıb
Bakı, 22 iyun, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramov və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat yoxlanılıb və təsdiqini tapdıqdan sonra polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı “Makarov” və “Naqan” markalı 2 tapança, lüləsi kəsilmiş tüfəng, 2 ov tüfəngi, 1 idman tapançası, 1 pnevmatik “TİR” tüfəngi, 22 patron, 1 patron darağı, 9 giliz, 5 bıçaq, qırma və piston aşkar edilərək götürülüb.
Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 bıçaq aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.