ELM VƏ TƏHSİL
DÜNYA ŞÖHRƏTLİ ALİMİN ADI AMEA-NIN VEB SAYTINA DAXİL EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Nevada ştatında yaşayan soydaşımız, dünya şöhrətli kimyaçı alim Abbas Abbasəli oğlu Çayxorskinin adı AMEA-nın VEB saytına daxil ediləcəkdir. Bu fikir Azərbaycanda qonaq olan alimə AMEA-nın fəxri doktoru adı verilməsi münasibətilə Milli Elmlər Akademiyasında keçirilən tədbirdə səslənmişdir. Bildirilmişdir ki, bu sayta Abbas Çayxorskinin akademik Kurçatovla birlikdə atom enerjisi sahəsində tədqiqatlar aparması, keçmiş SSRİ-də atom enerjisindən dinc məqsədlər üçün istifadə üzrə komissiyaya 12 il sədrlik etməsi, neptunium kimyası sahəsində dünyada yeganə monoqrafiyanın müəllifi olması, kimyəvi elementlərin əvvəlkindən fərqli, daha təkmil yeni dövri sistemini yaratması, elementlər kimyasına 5-ci kvant ədədini gətirməsi, alimin elmi kəşf və ixtiralarından dünyanın aparıcı dövlətlərində kimyaçı alimlərin və fiziklərin istifadə etməsi barədə məlumatlar yerləşdiriləcəkdir.