İQTİSADİYYAT
Dekabrın 1-dən etibarən Azərbaycanda rəqəmli TV yayımına keçilir
Bakı, 28 sentyabr, AZƏRTAC
Noyabrın 1-dən etibarən Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımı, dekabrın 1-dən isə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımı dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 27-də keçirdiyi növbəti iclasda qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilir.
MTRŞ vətəndaşlara müraciət edərək bildirir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2016-cı il tarixli 27 sentyabr tarixli müvafiq qərarına uyğun olaraq, 2016-cı il noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə - 2016-cı il dekabrın 1-dən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.