REGİONLAR
“Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar təşkil olunub
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri İsmayıl Qəribli çıxışında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati vəzifə tutan dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri nizama saldığını bildirib. Qeyd edib ki, yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri həmin qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyin düzgün tətbiq olunması üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Lakin bəzi hallarda qanunvericiliyin, xüsusən də əmək münasibətlərini tənzimləyən normaların pozulması halları müşahidə olunur ki, bu da dövlət orqanlarının qərarlarının ləğv olunması və məhkəmə çəkişmələri ilə nəticələnir. Seminarın məqsədi də dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “İnzibati icraat haqqında” Qanunun və əmək qanunvericiliyinin dövlət orqanlarında tətbiqi zamanı yaranan problemlər” mövzusunda çıxış edərək deyib ki, ölkəmizdə həyata keçirilən hüquqi islahatların davamı olaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu və İnzibati Prosessual Məcəlləsi qəbul edilib.
Hicran Muradov məhkəmə təcrübəsində sözügedən qanunların tətbiqi zamanı yaranmış problemlərdən danışıb, dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, dövlət qulluğuna xitam verilməsi, intizam tənbehlərinin tətbiq edilməsi zamanı buraxılmış nöqsanlardan, həmçinin qanunda nəzərdə tutulmuş inzibati orqanların və onların vəzifəli şəxslərinin məsuliyyət daşıması məsələlərindən söhbət açıb. İnzibati-İqtisadi Məhkəmənin sədri mövcud qanunvericiliyin tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.