ELM VƏ TƏHSİL


Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat yekunlaşır

Bakı, 15 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat bu gün saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 56 yer, AB vəzifə qrupu üzrə 419, AC vəzifə qrupu üzrə isə 1033 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin köməkçisi, Maliyyə Nazirliyində aparat rəhbərinin müavini, şöbə müdiri, Təhsil Nazirliyində aparat rəhbərinin müavini, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.