SİYASƏT
GÜRCÜSTANLI JURNALİSTLƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ÖNÜNDƏ BAŞ ƏYİRLƏR
“Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanovun ürək sözləri: “Heydər Əliyev Azərbaycan xalqının və dünya azərbaycanlılarının müdrik rəhbəri, milli-mənəvi sərvətidir. Ona görə də, Heydər Əliyevin zəngin təcrübəsi, siyasi və dövlətçilik irsi daim öyrəniləcək, hər zaman ona müraciət ediləcəkdir. 82 ildir ki, Gürcüstan azərbaycanlılarına xidmət edən “Gürcüstan” qəzeti ilə Heydər Əliyev arasında əlaqələrə gəldikdə, bu, çox dərin bir mövzudur. O, böyük şəxsiyyət qonşu dövlətdə dilimizi, inamımızı, mənəvi-milli varlığımızı yaşadan yeganə mətbuat orqanımıza heç vaxt biganə qalmamışdır. Qəzetimizin böhran keçirdiyi 1996-cı il martın 9-da Tbilisidə azərbaycanlılarla görüşündə o bəyan etdi ki, “qəzetin yaşaması və mütəmadi çıxması üçün Azərbaycan dövləti və şəxsən mən lazımi tədbirlər görəcəyik...”
O zaman bu sözləri dövlət başçısının dilindən eşitmək, sonralar həmin sözlərin əməli surətdə gerçəkləşməsi qəzetin əməkdaşlarına qol-qanad verdi, onları ruhlandırdı. Bu, “Gürcüstan” qəzetinə də, Gürcüstanda yaşayan azərbaycanlılara da o böyük şəxsiyyətin qayğı və diqqət göstərdiyinə dair yüzlərlə faktdan yalnız biridir. Qədirbilən soydaşlarımız onun xeyirxahlığını, atalıq qayğısını heç zaman unutmayacaq və adını daim dərin ehtiram və məhəbbətlə çəkəcəklər.