REGİONLAR
“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində təlimlər keçirilir
Naxçıvan, 5 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzidə növbəti “Gələcək üçün maliyyə” adlı təlim təşkil olunub.
Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə Naxçıvan Tibb, Naxçıvan Dövlət Texniki, Naxçıvan Musiqi kolleclərinin tələbələrindən və könüllülərdən ibarət 50-dən çox tələbə iştirak edib. Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimin məqsədi tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir. Əvvəlcə Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb.
Proqrama uyğun olaraq Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verilib.
Tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 8 komanda iştirak edib. İştirakçılara mərhələnin nəticələrinə dair müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim olunub. Qiymətləndirmə meyarlarına görə “İnvestisiya” komandası birinci yerə, “Nuhun gəmisi” komandası ikinci yerə və “İdeya” komandası üçüncü yerə layiq görülüb.
“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlimlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, vətənpərvər vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb.