DÜNYA
Gürcüstanın Quriya bölgəsində məktəblər və uşaq bağçaları yenidən bağlanıb
Tbilisi, 2 aprel, AZƏRTAC
Gürcüstanın qərbində epidemioloji vəziyyət yenidən gərginləşib. Koronavirusun yayılması səbəbi ilə Quriya bölgəsində məktəblər və uşaq bağçaları yenidən bağlanıb.
AZƏRTAC xəbər verir ki, Quriya bölgəsinin Ozurgeti və Lançxuti rayonlarının 10-a yaxın kəndində bu gündən bütün məktəblər və uşaq bağçaları bağlanıb. Daha bir neçə kənddə də sərt tədbirlərin görülməsi planlaşdırılır.
Eyni zamanda, bu bölgədə əhalinin kütləvi test olunması nəzərdə tutulub.
Qeyd edək ki, hələ mart ayında ölkənin səhiyyə naziri Yekaterine Tikaradze Quriya bölgəsində koronavirusun yayıldığını və bu bölgənin tezliklə ”qırmızı zona” elan olunacağını bəyan etmişdir.
Qeyd edək ki, aprelin 2-də Gürcüstanda 529 nəfərdə koronavirus təsdiqlənib. COVID-19-a yoluxanların ümumi sayı 281 min 789-a çatıb.
Ölkədə koronavirusdan ölənlərin sayı isə 3 min 798-ə çatıb, onların da 13-ü son sutkada dünyasını dəyişib.
Hazırda Gürcüstanda 5035 nəfər aktiv koronavirus xəstəsi var. Daha 3047 nəfər özünütəcrid rejimində, 231 nəfər isə karantin rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi