CƏMİYYƏT
Hərənin öz menyusu var
Bakı, 13 iyun, AZƏRTAC
Statistiklər qidalanmağa görə maraqlı faktlar ortaya çıxarıblar. AZƏRTAC xəbər verir ki, onların apardıqları hesablamalar il ərzində ayrı-ayrı ölkələrdə hansı qidanın çox sevildiyini aşkar edib.
Hesablamalara görə, italyanlar ildə 30 kiloqrama qədər makaron yeyir. Həmin göstəriciyə görə ikinci yerdə almanlar, üçüncü yerdə isveçrəlilər və ruslar gedir. Rusiyada adambaşına düşən makaron istehlakı 5 kiloqramdır.
Pendirlə qidalanmaq sahəsində birincilik fransızlara məxsusdur. Onlar ildə 23 kiloqram pendir yeyirlər. Hollandiyada adambaşına düşən pendir istehlakı 10, Rusiyada 5 kiloqramdır.
Ketçupla qidalanmağa görə dünyanın iki nəhəng ölkəsi - ABŞ və Rusiya liderlik edir. Həmin ölkələrdə adambaşına il ərzində 1,7 kiloqram ketçup qəbul edilir.
İsveçrəlilər il ərzində 12 kiloqram şokolad yeyirlər. Rusiyada adambaşına şokolad istehlakı 5-7 kiloqramdır. Birləşmiş Ştatlar bu göstəriciyə görə həmin ölkələrdən bir qədər geridə qalır.
Ən çox dondurma Yeni Zelandiyada yeyilir. Həmin ölkənin sakinləri ildə 26, Amerika sakinləri 24,5, avstriyalılar 17,2 litr desert qəbul edirlər.
Maraqlıdır ki, ən çox pitsa yeyən ABŞ sakinləridir, bir ildə ölkədə hər kəs 13 kiloqram pitsa yeyir. İkinci yerdə gedən İtaliya sakinlərinin payına il ərzində 7 kiloqram pitsa düşür. 56 milyon əhalisi olan Aralıq dənizi ölkəsinin sakinləri hər həftə pitsa bişirilər.
Sakit okean sahillərində yerləşən Yaponiya dəniz məhsulları istehlakına görə aparıcı mövqe tutur. Gündoğar ölkənin sakinləri il ərzində 70 kiloqram dəniz məhsulları ilə qidalanırlar. Bu, digər ölkələrlə müqayisədə dörd dəfə çoxdur. Rusiyada balıqla qidalanma adambaşına 20-25 kiloqram təşkil edir.