SİYASƏT


Hikmət Babaoğlu: Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın yürütdüyü işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi. İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.

Deputat qeyd edib ki, Ermənistan silahlı qüvvələr tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur. Ermənistan rəhbərliyi terrorçuluq və faşizmlə silahlandığına görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atmır. Prezident İlham Əliyevin iclasda bu məsələni gündəmə gətirməsi işğalçı Ermənistanın iç üzünün açılması deməkdir. Azərbaycan Prezidenti tarixi arqumentlərlə Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi və MDB məkanında faşizmin qurbanı olmuş insanların xatirəsi kontekstində bunun yolverilməz olduğunu bildirdi.

Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın apardığı təcavüzkar siyasəti dünya ictimaiyyətinə çatdırmaqla məsələnin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır. Milli Məclisin deputatı Azərbaycan Prezidentinin iclasdakı çıxışını xatırladaraq vurğulayıb ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Prezident bununla MDB dövlət başçılarına sübut etdi ki, faşizm ideologiyası ilə silahlanmış Ermənistan təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəlidir. Bu çıxış Azərbaycan həqiqətlərinin Ermənistanın işğalçılıq siyasəti kontekstindən bir daha dünyaya çatdırılması idi. Prezidentin çıxışından sonra MDB dövlət başçıları erməni terrorçularının Xocalı, Ağdaban və Daşaltı faciələrini faşizm ideologiyasına əsaslanaraq törətdiyini dərk etmiş oldular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.