İQTİSADİYYAT
İlham Əmirov: “Azərbaycan Hava Yolları” Avropa, Yaxın Şərq, Şimali Amerika hava məkanında aparıcı aviaşirkətlərlə uğurla rəqabət aparır
Bakı, 23 noyabr (AZƏRTAC). “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İOSA auditinin (İATA - Operational Safety Audit) beynəlxalq sertifikatına layiq görülməsi respublikamızın sürətlə inkişaf edən iqtisadiyyatının aparıcı sahələrindən biri olan mülki aviasiyamızın böyük bir nailiyyətinin əyani sübutudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə “Azərbaycan Hava Yolları” QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov noyabrın 23-də İOSA sertifikatının AZAL-a təqdim edilməsi münasibətilə keçirilən tədbirdə bildirmişdir.
O qeyd etmişdir ki, “Azərbaycan Hava Yolları” QSC beynəlxalq mülki aviasiya sisteminə inteqrasiya olunmuşdur. Aviaşirkətimizin bu beynəlxalq sertifikata layiq görülməsi bir daha sübut etdi ki, “Azərbaycan Hava Yolları” uçuşların təhlükəsizliyinin təmin olunması üzrə bütün beynəlxalq standartlara cavab verir.
Milli aviadaşıyıcımız tərəfindən müasir təyyarələrin istismar olunduğunu vurğulayan İ.Əmirov “Azərbaycan Hava Yolları”nın Avropa, Yaxın Şərq, Şimali Amerika hava məkanında aparıcı aviaşirkətlərlə uğurla rəqabət apardığını diqqətə çatdırmışdır. Əldə olunan uğuru dövlətimizin başçısı İlham Əliyevin aviasiya sahəsinə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu qeyd edən vitse-prezident bildirmişdir ki, ildə təxminən 1,5 milyon sərnişin daşıyan aviaşirkətimiz bu gün dünyanın 31 məntəqəsinə uçuşlar həyata keçirir. Həmçinin 2013-cü ildə “Aerobus-340” təyyarələrinin istismar olunması, 2014-cü ildə müasir “Boeing-787 Dreamliner” təyyarəsinin aviaparkımıza daxil edilməsi ilə “Azərbaycan Hava Yolları” uçuş coğrafiyasını genişləndirərək Sinqapura, Şanxaya, Pekinə, eləcə də Vaşinqton, Nyu-York və Çikaqo istiqamətlərinə aviareyslərin həyata keçirilməsini planlaşdırır.