İQTİSADİYYAT


İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar

Bakı, 15 noyabr, AZƏRTAC 

Noyabrın 15-də Vergilər Nazirliyində vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ekspertlərlə əməkdaşlığa həsr edilən görüş keçirilib.

Nazirliyin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.

Görüşün əvvəlində Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər barədə məlumat verən Vergilər nazirinin müavini İlkin Vəliyev həmin dəyişikliklərin vergiödəyicilərinin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı"nın azaldılması kimi mühüm istiqamətləri əhatə etdiyini xatırladıb. Ümumilikdə, vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərə toxunan nazir müavini bildirib ki, Vergi Məcəlləsinə yeni təklif olunan dəyişikliklər mahiyyət etibarilə vergi sistemində aparılan islahatların davamıdır.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov isə "2019-cu ilin yanvar-oktyabr ayları üzrə vergi sisteminin göstəriciləri" mövzusunda təqdimatla çıxış edib. İnteraktiv formada keçirilən təqdimat sektorlar üzrə vergi daxilolmalarının icra vəziyyəti və strukturu (əvvəlki il ilə müqayisədə), məcburi sosial sığorta haqları üzrə daxilolmaların icra vəziyyəti, əməkhaqqı fondunun dinamikası və digər istiqamətləri əhatə edib. Vergi sistemində aparılan islahatları xarakterizə edən əsas göstəricilər diqqətə çatdırılaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində vergi ödəyicilərinin və aktiv obyektlərin sayının artdığı qeyd olunub.

Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər və onların mahiyyəti, məqsəd və hədəfləri barədə məlumat verib.

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspertlər islahatların istiqamətləri, Vergi Məcəlləsinə dəyişikliklərin uçotun stimullaşdırılmasına təsiri, "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində görülməsi vacib olan digər tədbirlər, əmək münasibətlərinin leqallaşdırılmasının əhəmiyyəti və sair məsələlərə toxunublar.

Görüşdə ekspertlərin yeni dəyişikliklərlə bağlı qaldırdıqları məsələlər dinlənilib, sualları cavablandırılıb, irəli sürdükləri təkliflər qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.