MƏDƏNİYYƏT
İranın turizm portalında Azərbaycan haqqında videoçarx yerləşdirilib VİDEO
Tehran, 28 yanvar, AZƏRTAC
İranın Safarbank.ir turizm portalında Bakı və Azərbaycanın turizm məkanları haqqında geniş material yerləşdirib.
AZƏRTAC xəbər verir ki, portalda Azərbaycanın Nabran, Bilgəh, Mərdəkan kimi məkanlarının fotoları, buradakı otellər haqqında, Qobustanın qayaüstü rəsmləri və tarixi barədə məlumat verilir.
Portal Bakının İçəri şəhəri, Qız qalası, Alov qüllələri, Şirvanşahlar sarayı və digər maraqlı məkanları barədə ətraflı bəhs edir.
Həmçinin portalın “ınstagram” səhifəsində Qobustandakı palçıq vulkanları ilə bağlı videoçarx da yerləşdirib. Eyni zamanda, palçıq vulkanlar haqqında məlumat da yer alıb. Diqqətə çatdırılıb ki, palçıq vulkanları sağlamlıq üçün də faydalıdır. Belə ki, palçıq vannası ostraxondroz, artrit və digər dəri xəstəliklərinin müalicəsinə kömək edir. Diqqətə çatdırılır ki, Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur.
Nəzərə çatdıraq ki, portalda dərc olunan material iranlılar tərəfindən maraqla qarşılanıb. Bunu baxış sayının hər gün artması da deməyə əsas verir.
Novruz bayramı ərəfəsində İran vətəndaşları maraqlı və mənalı tətil keçirmək üçün yerlər axtarırlar. Portalın tətil üçün Azərbaycanı təklif etməsi heç də təsadüfi deyil. Azərbaycan tarixi özəlliyi, Bakının gözəlliyi, azərbaycanlıların isə qonaqpərvərliyi ölkəmizə gəlmək istəyənlərin sayını artırır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran